Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU TÜRKİYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ SİMPOZİUMDA TƏMSİL OLUNUB

23.10.2025 18:06

23 oktyabr 2025-ci ildə Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi, TİKA və Nizami Gəncəvi Vəqfinin birgə təşkilatçılığı ilə Atatürk Universitetində (Ərzurum, Türkiyə) “Türk fəlsəfi fikrinin dühası: Nizami Gəncəvi” adlı beynəlxalq elmi  simpozium keçirilib.

Simpoziumda Fondun əməkdaşı Fərid Hüseyn “Nizami gəncəvi yaradıcılığında ölüm fəlsəfəsi” adlı məruzə ilə iştirak edib. O, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, təşkilatın Nizami Gəncəvi irsinin dünyada tanıdılması istiqamətində gördüyü işlər, həmçinin məruzə mövzusu barədə çıxış edib. Daha sonra Fondun Türkiyə ilə bağlı nəşrləri, o cümlədən təşkilatın Nizami Gəncəvi yaradıcılığından bəhs edən kitabları tələbələrə və adı çəkilən universitetin kitabxanasına hədiyyə edilib. Fondun əməkdaşına Atatürk Universitetinin rektoru adından Təşəkkürnamə təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri doktor Füzuli Məcidli, “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin həmtəsisçisi Arzu Təbrizli, Atatürk Universitetinin rektoru, professor Ahmet Hacımüftüoğlu və Atatürk Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının müdiri Prof. dok. Nemət Yıldırım çıxış edərək dahi şairin ədəbi irsinin Türk dünyasında daha geniş tanıdılmasının vacibliyindən bəhs ediblər.

Beynəlxalq elmi simpozium Türk dünyasının ortaq mənəvi və mədəni dəyərlərinin təbliği, Nizami Gəncəvi irsinin fəlsəfi və ədəbi aspektlərinin yeni elmi yanaşmalarla araşdırılması, eləcə də gənc tədqiqatçıların bu sahəyə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir çərçivəsində iştirakçılar qarşılıqlı fikir mübadiləsi aparıb, gələcəkdə Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş ortaq layihələrin həyata keçirilməsi barədə təkliflər səsləndirilib.